Təkrar əməliyyat necə və hansı üsulla edilir?
Təkrar əməliyyatlarda adətən qabırğa qığırdağından istifadə olunur, çünki təkrar əməliyyata pasiyent gedirsə artıq istəyir ki, onun problemləri birdəfəlik həll olunsun.
Təkrar əməliyyat zamanı qabırğa qığırdağı çox önəmlidir, çünki əməliyyatdan sonra burunun öz çəpərində yerləşən qığırdaq çox zəifləyir və bu qığırdaqlarla yenidən sağlam burun karkası yığmaq bir az etibarsız olur. Ona görə də daha dözümlü və daha sağlam qığırdaqlara ehtiyac duyulur ki, biz də bu səbəbdən qabırğa qığırdağından götürürük.
Çox zaman pasiyentlər bundan çəkinirlər. Amma nəzərə almaq lazımdır ki, təkrar əməliyyatdırsa, bu, artıq problemin həll olunması üçündür. Digər tərəfdən qabırğa qığırdağı götürdükdə kiçik bir iz qalır; bu da xanımlarda süd vəzinin altında, kişilərdə isə tüklü hissədə olduğu üçün demək olar ki, bilinmir və heç bir ağrı olmur.
Təkrar rinoplastika niyə baha olur?
Nəyə görə aktualdır, çünki bu gün həddindən artıq rinoplastika edənlər var və təəssüflər olsun ki, hər kəsdə əməliyyat uğurlu alınmır. Bu baxımdan çoxlu problemli pasiyentlər müraciət edir.
Bəzən isə şikayətlənirlər ki, niyə əməliyyat belə bahadır? Çünki təkrar rinoplastika çox çətin əməliyyatdır, riski, əziyyəti və davametmə müddəti daha çoxdur, həmçinin əlavə əməliyyata ehtiyac olur və bu əməliyyatı 90% rinoplastika həkimləri bacarmır.
Bəs əlavə əməliyyat nədir, soruşursunuzsa, qabırğa qığırdağı götürülür ki, bu da həddindən artıq çətin və daha riskli əməliyyatdır... Mən etdiyim əməliyyatlarda qabırğa qığırdağını özüm götürürəm, çünki onun ölçüsünü bilmək vacibdir ki, özüm götürüb, özüm də istifadə edirəm.
Yəni çətin əməliyyatdır; bir növ başqa bir həkimin səhv düzəltdiyi bir buruna yenidən forma verməkdir. Ən azı 5-6 saat ayaq üstə qalmaq, ehtiyac üçün qabırğa qığırdağı, qulaqdan qığırdağın götürülməsi və digər proseslər əməliyyatı daha da çətinləşdirir.